UŞAQLARDA DIRNAQ YEMƏK VƏRDİŞİ

UŞAQLARDA DIRNAQ YEMƏK VƏRDİŞİ

Ömründə bir dəfə də olsun dırnaqlarının "dadına" baxmayan uşaq çətin tapılar. Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı tədqiqatçılar tərəfindən müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də əslində bu çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir. Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndikdə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.

Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməyə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir. Uşaqların qorxu və qayğı yaradacaq vəziyyətlərdən uzaq olmaları məsləhətdir. Kiçik yaşlı uşaqların vahiməli və qorxulu filmləri izləməsi, dava-dalaşlı hadisələrdə iştirakı onlarda həyəcan yaradır və həmin həyəcan dırnaq yeməyə səbəb ola bilir. Psixoloqların fikrincə, uşaqlara gecələr yatarkən nazik əlcək geyindirmək dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı təsir göstərə bilər. Zərərli vərdişlərdən qurtulmaq üçün barmaq və dırnağa zərərsiz acı maye sürtülməsi həm xatırlatma mənası daşıyar, həm də dırnağını ağzına aparanda yanma hissi törədərək uşağı bu pis vərdişdən xilas olmağa kömək edər. Uşaqların marağını başqa istiqamətə yönəltməklə də zərərli vərdişin qarşısını almaq olar. Məsələn, filmə baxanda, televiziya verilişi izləyəndə və ya musiqi dinləyəndə uşağın ağzını dişlənə bilən bir şeylə məşğul etmək dırnaq yemənin qarşısını ala bilər. Dırnaq yemənin pis vərdiş olduğu və ondan asanlıqla xilas olmağın mümkünlüyü uşağa izah edilməlidir. Buna inananda uşaq vərdişdən imtina etməyə səy göstərir, çünki xarici təsirlər nəinki vərdişdən xilas olmağa yardım etmir, bəzi hallarda vərdişin kök atmasına, başqalarını hirsləndirmək və narahat etmək üçün vasitəyə çevrilir.

Zaman keçdikcə dırnaq yemək pis vərdiş olmaqla yanaşı əlavə xəstəliklərin yaranmasına da səbəb olur. Əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək onları rahatlaşdırır, gərginliyi azaldır, amma bununla yanaşı orqanizmə müxtəlif xəstəliktörədən mikrobların daxil olmasına da şərait yaradır. Buna görə də bu pis vərdişin ən qısa zamanda aradan qaldırılmasında fayda var.