Hiperaktivlik və diqqət yayğınlığı

Hiperaktivlik və diqqət yayğınlığı sindromu son zamanlarda bütün dünya ölkələrində rast gəlinən və ailələri ən çox narahat edən problemlərdən biridir. Hiperaktiv uşağınız varsa elə fikirləşməyin ki, siz hansısa çarəsiz bir problemlə qarşı-qarşıyasınız. ABŞ, İngiltərə, Fransa, İtaliya, Rusiya kimi bir çox böyük ölkələrdə bu problem çox geniş yayılıb. Belə ki, Amerika Birləşmiş Ştatlarında aparılmış statistik tədqiqatlara əsasən 2 milyon uşaq diqqət yayğınlığı və hiperaktivlikdən əziyyət çəkir. Bu isə məktəbdə təhsil alan hər 25-30 nəfər uşaqdan ən azı biri deməkdir. Rusiyada hiperaktivlik və diqqət yayğınlığı sindromundan əziyyət çəkən uşaqlar 4-18%, ABŞ-da 4-20%, Böyük Britaniyada 1-3%, İtaliyada 3-10%, Çində 1-13%, Avstraliyada isə 7-10%-dir. Bəs Hiperaktivlik nə deməkdir?

Hiperaktivlik yunan sözü olub “hiper” yüksək, “aktivas” hərəkətli deməkdir. Hiperaktivlik bu iki sözün birləşməsindən əmələ gəlib hərəkətli, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Hiperaktivlik və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə Alman alimi Dr.Henrix Hoffman təsvir etmişdir. O bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdır. Nəticədə uşaqların xarakterlərini əks etdirən kitab - “Sakitləşə bilməyən Filipin hekayəsi” ortaya çıxmışdır. Burada alim Henrix Hoffman bir saniyə belə sakit otura bilməyən, hərəkətli uşağı təsvir etmişdir. Hiperaktivlik və diqqət yayğınlığı sindromu nədir? Aktivlik yoxsa hiperaktivlik?

Aktiv uşaqlar adətən böyüklərin “dəcəl” deyə adlandırdığı uşaqlardır. Hansı ki, bu, uşaqlarla səmərəli vaxt keçirilmədiyinə görə uşağın diqqət toplamaq üçün göstərdiyi aktivlikdir. Daha çox məişətə, işə, internetə vaxtını ayıran valideynlər uşaqla səməmrəli vaxt keçirə bilmir, uşağın müsbət addımlarını alqışlamır, ancaq mənfi hərəkətlərinə sərt şəkildə reaksiya verirlər. Bunu görən uşaq, sırf diqqət cəlb etmək məqsədilə valideynin pis də olsa verdiyi reaksiyanı yenidən görmək üçün aktivləşir. Valideynin uşağa verdiyi o anki reaksiya, səs tonu, üz mimikası, hətta cəza yöntəmi belə uşaq üçün oyun halına çevirilir. Uşağınızın aktiv yoxsa hiperaktiv olduğunu dəqiqləşdirmək istəyirsinizsə onun məkan qavrama qabiliyyətinə fikir verin. Uşağınız hər daxil olduğu məkanda özünü evdə olduğu kimi aparır və etik normalara riayət etmirsə bu zaman şübhə duymağa əsas var. O zaman bu dianozu dəqiqləşdirmək üçün psixoloqa müraciət etməyiniz vacibdir. Hiperaktivliyin yaranma səbəbləri aşağıdakılardır:

  • Prenatal patalogiyalar - anada xroniki xəstəliklər, infeksion xəstəlilər, hamiləlik zamanı qarında alınan fiziki travmalar, gipaksia, spirtli içki və siqaret qəbulu zamanı yaşanan problemlər.

 

  • Doğuş zamanı yaşanan problemlər - daxili qanaxma, dölün düzgün yerləşməməsi və s.

 

  • Psixososial səbəblər

Hiperaktiv uşaqla necə işləmək lazımdır?

  • Normal oyun saatları yaratmaq - uşağın diqqətini çəkəcək və motorik inkişafına səbəb olacaq oyunlar oynamaq həm diqqətinin toplanmasına, həm də səmərəli vaxt keçirməyə imkan yaradacaq. Bu da uşaqda aqresiyasının yaranmasına mane olacaqdır.

 

  • Uşağa həm oynadığı oyunu, həm də ümumilikdə başladığı bütün işləri sonuna qədər bitirməyi və bundan nəticə çıxarmağı öyrədərək onun diqqətini bir yerə cəmləmək olar.

 

  • Uşağın doğrularını alqışlayıb, səhvlərini sakit şəkildə başa salmaq onun emosialarını idarə etməsinə və düzgün qərar verməsinə səbəb olacaq.

 

  • Uşağın əzələ gərginliyini azaltmaq üçün onu mütləq idman və masaja yönləndirmək lazımdır.

 

  • Cəzalandırma metodu kimi isə onun üçün önəmli olan əyləncə, yaxud yeyintidən uzaq saxlamaq kifayət edəcək ki, uşaq səhvini anlayıb bunu bir də təkrarlamağa cəhd etməsin. Belə bir atalar sözü var: ”Uşaq evin güzgüsüdür”. Unutmayaq ki, sizin sağlamlığınız övladınızın sağlamlığı deməkdir.